Press Release

Vergilər naziri Mikayıl Cabbarov AHK İmpuls tədbirində iştirak edib

13.07.2018

12 iyul 2018-ci il tarixində AHK Azərbaycan Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin əsas məqsədi hazırda Azərbaycanın vergi qanunvericiliyində və inzibatçılığında planlaşdırılan islahatlar olub. Azərbaycan Respublikasının Vergilər naziri cənab Mikayıl Cabbarov tədbirdə fəxri qonaq qismində iştirak edərək “Biznesə yeni yanaşma” mövzusunda çıxış edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimiz arasında imzalanmış müxtəlif sənədlərin xarici investorların iqtisadiyyatın müxtəlif sahələrdə fəal iştirakına əlverişli şərait yaratdığını bildirib. Qeyd edilib ki, ticarət dövriyyəsinin həcminə görə, hazırda Almaniya Azərbaycanın ticarət tərəfdaşları arasında 5-ci yerdədir. İqtisadi əlaqələrin möhkəmlənməsində AHK Azərbaycanın fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Cənab Baumann ölkəmizin vergi sistemində son dövrlərdə aparılan islahatlara diqqət çəkərək, bu islahatların biznes və investisiya mühitinin yaxşılaşdırılması, vergi yükünün azaldılması və vergilərin optimallaşdırılması, vergi orqanları ilə sahibkarlar arasında münasibətlərin yeni müstəvidə qurulması və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı olduğunu bildirib.

Vergilər naziri Mikayıl Cabbarov bildirib ki, Nazirliyin qarşısına vergi mühitinin cəlbediciliyinin artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi yükünün optimallaşdırılması, vergi orqanlarında şəffaflığın təmin olunması istiqamətlərində mühüm vəzifələr müəyyənləşdirilib və hazırda vergi sistemində vergi inzibatçılığının təkmilləşdirilməsi və struktur islahatları həyata keçirilməkdədir. Eyni zamanda, vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir.

Cənab Cabbarov qeyd edib ki, struktur islahatlarının ən vacib institusional yeniliklərindən biri yeni apellyasiya institutunun yaradılması və vergi auditinin təkmilləşdirilməsidir. Nazir bildirib ki, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vergi ödəyiciləri ilə əlaqələrin yeni müstəvidə qurulması aparılan islahatların əsas prioritetlərindəndir. Vergi yükü ilə bağlı məsələyə diqqət çəkən Vergilər naziri diqqətə çatdırıb ki, fiskal dərəcələrin aşağı salınması, bəzi vergi dərəcələrinin optimallaşdırılması yolu ilə vergi yükünün azaldılması nəzərdən keçirilir. Cənab Cabbarov yeni vergi sisteminin sahibkarlar üçün əvvəlcədən proqnozlaşdırıla bilən və şəffaf vergi mühitinin yaranmasına xidmət edəcəyini vurğulayıb.

Vergilər naziri Mikayıl Cabbarov həmçinin vurğulayıb ki, Vergilər Nazirliyi biznes nümayəndələri, o cümlədən Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə açıq dialoqa və qarşılıqlı geniş fikir mübadiləsinə böyük əhəmiyyət verir. Palata hər iki ölkə arasında münasibətlərin inkişafına töhfə verir, eyni zamanda, Vergilər Nazirliyi təşkilatla yaxşı platformaya çevrilmiş bu əlaqələrin biznes mühitinin yaxşılaşdırılması sahəsində səmərəli nəticələr verəcəyini gözləyir.

Əlaqələndirici şəxs: Günay Mirzəyeva

E-mail: gunay.mirzayeva@ahk-baku.de

Tel: +99412 4976306

 

Publications on the topic