AHK Üzvlərinin Yığıncağı

AHK-ya üzv şirkətlərin dəvət olunduğu Üzvlərin Ümumi Yığıncağı ildə iki dəfə keçirilir.

Ümumi Yığıncaqda Palatanın son aylarda fəaliyyəti haqqında üzv şirkətlərə məlumat verilir, büdcə məsələləri müzakirə edilir və illik hesabat təsdiq olunur. Bundan başqa Üzvlərin Ümumi Yığıncağında yeni üzvlər təqdim olunur, təsdiqlənir və onlara üzvlük şəhadətnamələri verilir. İdarə Heyəti üzvlərinin seçilməsi və məsuliyyətdən azad edilməsi, nizamnaməyə dəyişikliklərin edilməsi Ümumi Yığıncağın səlahiyyətində olan digər məsələlərdir.

Əvvəlki Üzvlərin Ümumi Yığıncaqları

17.05.2023: AHK Üzvlərinin Ümumi Yığıncağı

17 may 2023-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 90-a yaxın biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə həyata keçirilir və tədbirdə AHK Azərbaycanın il ərzində təşkil etdiyi tədbirlər və əldə olunmuş nəaliyyətlər təqdim olunur.

Tədbiri salamlama nitqi ilə açan AHK İdarə heyətinin sədri cənab Anar Həsənov görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Palatanın və əməkdaşların gərgin əməyini yüksək qiymətləndirən sədr Palata üzvlərinin sayının artmasını, İmpuls tədbirlərinin uğurla həyata keçirilməsini, AHK İşçi Qruplarının yeni işçi heyətinin təyin edilməsini, Almaniyadan nümayəndə heyətlərinin Azərbaycana səfər etməsini və çox sayda fiziki tədbirlərin uğurla baş tutmasını özəlliklə vurğulayıb.

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Dr. Ralf Horlemann, AHK üzvlərini salamlayaraq, səfirliklə bağlı yenilikləri bölüşüb. Cənab Horlemann Almaniya və Azərbaycan arasında diplomatik münasibətlərdən söz açaraq, Cənab İlham Əliyevin qısa müddət öncə Almaniyaya səfərini iki ölkə arasındakı dostluq münasibətlərinin nəticəsi kimi qeyd edib. Həmçinin Cənab Səfir Azərbaycanda açılan yeni alman şirkətlərinin iki ölkə arasındakı iqtisadiyyata təsirlərindən, iki ölkə arasında siyasi, təhlükəsizlik, və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından da söz açıb. Çıxışını yekunlaşdıraraq, o, davamlı uğurlu əməkdaşlığa görə Palataya minnətdarlığını bildirib.

Daha sonra AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti və maliyyə göstəriciləri, o cümlədən ötən ilin nəaliyyətləri və növbəti illərdə nəzərdə tutulan layihələr haqqında qısa hesabatı qonaqlara təqdim edib.

“Ötən ilin sonuncu Üzvlər Yığıncağından etibarən AHK Azərbaycana 14 yeni şirkət üzv olub və hal-hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 167 şirkət Palatamızın üzvüdür. Sevindirici haldır ki, bütün çətinliklərə baxmayaraq, Palatamızın keyfiyyətli işi və öhdəliyi sənayenin müxtəlif sahələrindən yeni şirkətləri cəlb etməyi bacarır.”

Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsindən sonra üzv  şirkətlərin nümayəndlərinin ümumi razılığı ilə 2023-cü il üçün xəzinə nəzarətçiləri təyin olunub. Aşağıda AHK Azərbaycanın 2023-cü il üçün təyin olunan xəzinə nəzarətçiləri ilə tanış ola bilərsiniz:

Türkan Hacıyeva - BHM Legal Firm LLC şirkətinin Korporativ və Maliyyə Departamentinin meneceri

Sevinc Rəhimova - SERA Holding LLC şirkətinin təsisçisi

İlqar Əliyev - Industrial Solutions LLC şirkətinin rəhbəri

Tədbir Süleymanbəyli Qrupunun ifasında canlı musiqinin müşayiətində işgüzar şam yeməyi ilə yekunlaşıb. Ətraflı

16.11.2022: İdarə Heyətinin Seçkiləri ilə AHK Üzvlərinin Ümumi Yığıncağı

16 noyabr 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 90-a yaxın biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə keçirilir və tədbirdə AHK Azərbaycanın son yarım il ərzində təşkil etdiyi tədbirlər və əldə olunmuş nəaliyyətlər təqdim olunur. Tədbirdə, həmçinin Palatanın idarə heyətinin yeni üzvləri seçilib.

Tədbiri salamlama nitqi ilə açan AHK idarə heyətinin sədri cənab Fərid İsayev görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Palatanın gərgin əməyini yüksək qiymətləndirən sədr üzvlərin sayının artmasını, AHK Azərbaycanın İşçi Qruplarının güclənməsini və Almaniyadan çox sayda nümayəndə heyətlərinin Azərbaycana uğurlu səfərlərini özəlliklə vurğulayıb.

Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemann AHK üzvlərini salamlayaraq, səfirlikdən yeniliklərlə bağlı çıxış edib və Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin əhəmiyyətini vurğulayıb.

“Azərbaycan Almaniyanın regionda əhəmiyyətli iqtisadi tərəfdaşıdır. Alman şirkətləri və investorları üçün bir çox sahədə, əsasən də Qarabağ iqtisadi rayonunun yenidən qurulmasında böyük imkanlar görürəm.”

Daha sonra AHK Azərbaycanın icraçı direktoru cənab Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti, o cümlədən ötən ilin nəaliyyətləri və növbəti illərdə nəzərdə tutulan layihələr haqqında qısa hesabatı qonaqlara təqdim edib.

“Son yarım il ərzində, yəni ötən ilin sonuncu Üzvlər Yığıncağından etibarən AHK Azərbaycana 12 yeni şirkət üzv olub və hal-hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 175 şirkət Palatamızın üzvüdür. Sevindirici haldır ki, Palatamızın keyfiyyətli işi və öhdəliyi sənayenin müxtəlif sahələrindən yeni şirkətləri özünə cəlb etməyi bacarır.”

Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsi və seçki komissiyasının müəyyən edilməsindən sonra bütün namizədlər öz təqdimatları ilə çıxış ediblər. Aşağıda AHK Azərbaycanın İdarə heyətinin yeni üzvləri ilə tanış ola bilərsiniz.

  • Cənab Fərid Quliyev - PAŞA Bank ASC-nin korporativ bankçılıq departamentinin direktoru
  • Cənab Anar Həsənov - Yelo Bank ASC-nin idarə heyətinin sədri
  • Cənab Əliyar Haşımlı - Leistritz Pumpen GmbH şirkətinin biznesin inkişafı üzrə meneceri
  • Dr Michael Hilmer - Uniper Global Commodities SE şirkətinin cənub regionu ölkələrinin qaz təchizatı üzrə vitse-prezidenti
  • Cənab Emin İlyas - Bioropean MMC-nin təsisçisi və direktoru
  • Dr Henning Sasse - Norm ASC-nin şirkətinin baş icraçı direktoru
  • Cənab Tobias Baumann - AHK Azərbaycanın icraçı direktoru

İdarə heyəti üç il müddətinə təyin olunur.

Bundan sonra AHK Azərbaycanın yeni üzvləri təqdim olunub və tədbir Süleymanbəyli Qrupunun ifasında canlı musiqinin müşayiətində işgüzar şam yeməyi ilə yekunlaşıb.

Yeni seçilmiş İdarə heyətini təbrik edirik və növbəti üç il ərzində birlikdə işləməkdən məmnunluq hissi duyuruq! Ətraflı

07.12.2021: AHK Azərbaycanın Üzvlər Yığıncağı

07 dekabr 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 100ə yaxın biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə keçirilir və tədbirdə AHK Azərbaycanın il ərzində təşkil etdiyi tədbirlər və əldə olunmuş nəaliyyətlər təqdim olunur. Bu tədbir xüsusi karantin rejiminin bütün tələblərinə və Covid-19 qaydalarına tam uyğun olaraq və təhlükəsizlik və sağlamlıq tədbirləri üzrə tövsiyyələrə ciddi riayət edilməklə təşkil olunub. 
 
Tədbiri salamlama nitqi ilə açan AHK İdarə heyətinin sədri cənab Fərid İsayev görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Palatanın və əməkdaşların gərgin əməyini yüksək qiymətləndirən sədr pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq üzvlərin sayının artmasını, bu dövrdə AHK İşçi Qruplarının gücləndirilməsini, Almaniyadan nümayəndə heyətlərinin Azərbaycana səfər etməsini və sentyabr ayından etibarən fiziki tədbirlərin uğurla  baş tutmasını özəlliklə vurğulayıb. Almaniyanın Azərbaycandakı səfiri Dr.Volfqanq Maniq AHK üzvlərini salamlayaraq, səfirliklə bağlı  yenilikləri bölüşüb və davamlı uğurlu əməkdaşlığa görə Palataya təşəkkür edib. Daha sonra AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti və maliyyə göstəriciləri, o cümlədən ötən ilin nəaliyyətləri və növbəti illərdə nəzərdə tutulan layihələr haqqında qısa hesabatı qonaqlara təqdim edib. 
 
“Son bir il ərzində, yəni ötən ilin sonuncu Üzvlər Yığıncağından etibarən AHK Azərbaycana 23 yeni şirkət üzv olub və hal-hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 160 şirkət Palatamızın üzvüdür. Sevindirici haldır ki, bütün çətinliklərə baxmayaraq, Palatamızın keyfiyyətli işi və öhdəliyi sənayenin müxtəlif sahələrindən yeni şirkətləri cəlb etməyi bacarır.” 
 
Tədbirdə xüsusi qonaq qismində çıxış edən BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreeva qonaqlara BMT-nin növbəti beş il ərzində Azərbaycanda fəaliyyət göstərəcək Ümumi Gündəliyini təqdim edib. Xanım Andreeva, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün BMT tərəfindən müəyyən edilmiş əməkdaşlıq və innovasiya yönümlü strateji istiqamətlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb. O, daha sonra bildirib ki, BMT Azərbaycan yaşıl iqtisadiyyatın qurulmasında,  eləcə də səhiyyə, sosial müdafiə, təhsil və ədliyyə sahələrində xidmət göstərən təsisatların imkanlarının gücləndirilməsində hökumətin təşəbbüslərini dəstəkləməyə davam edir. Xanım Andreeva həmçinin DİM-lərin çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlərdə irəliləyişin təmin edilməsi üçün BMT ilə özəl sektor arasında genişləndirilmiş əməkdaşlığın vacibliyini də vurğulayıb. 
 
Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsindən sonra AHK Azərbaycanın yeni üzvləri təqdim olunub.  
 
Tədbir Süleymanbəyli Qrupunun ifasında canlı musiqinin müşayiətində işgüzar şam yeməyi ilə yekunlaşıb. Ətraflı

26.05.2021: AHK Azərbaycanın Üzvlər Yığıncağı

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) 26 may 2021-ci il tarixində Hyatt Regency İclas & Konfrans Mərkəzində hibrid formatda AHK Azərbaycan Üzvlərinin Ümumi Yığıncağı baş tutdu.

Tədbiri AHK Azərbaycanın İdarə Heyətinin sədri cənab Fərid İsayev salamlama nitqi ilə açıq elan etdi. AHK Azərbaycanın icraçı direktoru və İdarə Heyətinin üzvü cənab Tobias Baumann daha sonra tədbirin gündəliyi haqqında məlumat verdi və AHK Azərbaycanın fəaliyyəti haqqında qısa hesabat ilə çıxış etdi. AHK Azərbaycan üzvlərini salamlayaraq Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini, xanım Andrea Sühl Almaniya Səfirliyindən yeniliklərlə bağlı üzv şirkətləri məlumatlandırdı  Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru cənab Fariz Cəfərov Rəqəmsal dövrdə dövlət xidmətləri” mövzusunda məruzə ilə çıxış etdi.

Yığıncaq zamanı, həmçinin Palatanın 2020-ci il üçün illik hesabatı və xəzinə nəzarətçilərinin 2020-ci il üçün illik hesabatı təsdiq olundu, eləcə də 2021-ci il üçün yeni xəzinə nəzarətçilərinin seçkisi keçirildi. Tədbir yeni AHK üzv şirkətlərinin təqdim edilməsi ilə davam etdi. Yeni AHK üzv şirkətləri daha sonra Yığıncaq tərəfindən yekdilliklə təsdiq olundu.

Sonda AHK Azərbaycanın İdarə Heyətinin sədri cənab Fərid İsayev qonaq məruzəçilərə və AHK Azərbaycanın üzvlərinə tədbirdə iştirak üçün təşəkkürünü bildirdi. Ətraflı

02.12.2020: AHK Azərbaycanın Üzvlər Yığıncağı

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) 02 dekabr 2020-ci il tarixində Hyatt Regency İclas & Konfrans Mərkəzində hibrid formatda AHK Azərbaycan Üzvlərinin Ümumi Yığıncağı baş tutdu.

Tədbiri AHK Azərbaycanın İdarə Heyətinin sədri cənab Fərid İsayev salamlama nitqi ilə açıq elan etdi. AHK Azərbaycanın icraçı direktoru və İdarə Heyətinin üzvü cənab Tobias Baumann daha sonra tədbirin gündəliyi haqqında məlumat verdi və AHK Azərbaycanın fəaliyyəti haqqında qısa hesabat ilə çıxış etdi. Tədbirdə Almaniyanın Azərbaycandakı səfiri cənab Dr. Wolfgang Manig  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru cənab Dr. Vüsal Qasımlı qonaq məruzəçi qismində iştirak etdilər.

Yığıncaq zamanı, həmçinin Palatanın 2019-cu il üçün illik hesabatı və xəzinə nəzarətçilərinin 2019-cu il üçün illik hesabatı təsdiq olundu, eləcə də 2020-ci il üçün yeni xəzinə nəzarətçilərinin seçkisi keçirildi. Tədbir yeni AHK üzv şirkətlərinin təqdim edilməsi ilə davam etdi. Yeni AHK üzv şirkətləri daha sonra Yığıncaq tərəfindən yekdilliklə təsdiq olundu.

Sonda AHK Azərbaycanın İdarə Heyətinin sədri cənab Fərid İsayev qonaq məruzəçilərə və AHK Azərbaycanın üzvlərinə tədbirdə iştirak üçün təşəkkürünü bildirdi. Ətraflı

28.11.2019: AHK Azərbaycanın Üzvlər Yığıncağı

28 noyabr 2019-cu il tarixində Fairmont Baku Hotel, Nizami Gəncəvi zalında Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Üzvlər Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağında AHK Azərbaycanın son ildə keçirtdiyi tədbirləri və nailiyyətləri müzakirə olunub. Həmçinin, Üzvlər Yığıncağında Palatanın İdarə heyətinin yeni üzvləri seçilib.

Tədbiri salamlama nitqi ilə açan AHK İdarə heyətinin sədr müavini cənab Fərid İsayev görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. AHK üzvlərini salamlayan Almaniyanın Azərbaycandaki Səfiri cənab Volfqanq Maniq Almaniya Səfirliyindən olan yeniliklər ilə paylaşıb və AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti haqqında qısa hesabat ilə çıxış edib.

Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsi və seçki komissiyasının müəyyən edilməsindən sonra bütün namizədlər öz təqdimatları ilə çıxış ediblər. İdarə heyəti üç il müddətinə təyin olunur. Bundan sonra, AHK Azərbaycan-ın yeni üzvləri təqdim olunub və tədbir axşam yeməyi ilə yekunlaşıb. Ətraflı

10.04.2019: AHK Azərbaycanın Üzvlərinin Ümumi Yığıncağı

AHK Azərbaycanın Üzvlərinin Ümumi Yığıncağı çərşənbə günü, 10 aprel 2019-cu il tarixində Hyatt Konfrans Mərkəzində keçirildi.

Almaniya Səfirliyinin daimi nümayəndəsi xanım Andrea Zühl qonaqları „Kanslerin səfərindən sonra Almaniya və Azərbaycan münasibətləri“ mövzusunda məlumatlandırdı.

Daha sonra AHK Azərbaycanın İcraçı direktoru cənab Tobias Baumann üzv şirkətlərə AHK Azərbaycanın fəaliyyəti haqqında məlumat verdi. Ümumi Yığıncağın gündəliyində duran digər məsələlər AHK Azərbaycanın 2018-ci il üçün illik hesabatının, xəzinə nəzarətçilərinin 2018-ci il üçün illik hesabatının təsdiq edilməsi və 2019-cu il üçün xəzinə nəzarətçilərinin seçilməsi oldu. Sonda yeni üzv şirkətlər Yığıncağın iştirakçılarına təqdim edildi, onların Palataya daxil olmaları Üzvlər Yığıncağı tərəfindən təsdiq olundu.

Tədbir qonaqların axşam yeməyinə dəvəti ilə yekunlaşdı. Ətraflı

24.05.2018: AHK Azərbaycanın Üzvlər Yığıncağı

AHK Azərbaycanın Üzvlərinin Ümumi Yığıncağı cümə axşamı günü, 24 may 2018-ci il, saat 18:30-21:30 Hyatt Konfrans Mərkəzi, Quba zalında (Bakıxanov küç. 1) keçirildi.

Almaniyanın Azərbaycandakı Səfiri cənab Mixael Kindsqrabın tədbirimizdə iştirakı bizi xüsusilə sevindirdi. Səfir Mixael Kindsqrab qonaqları Almaniyanın Azərbaycandakı Səfirliyində olan yeniliklərlə bağlı məlumatlandırdı.

Bundan əlavə, Üzvlər Yığıncağının digər fəxri qonaqı və məruzəçisi, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMTİP-nin Rezident Nümayəndəsi Səfir Qulam İsakzai „Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi“ adlı mövzu ilə çıxış etdi.

Yığıncağın gündəliyində duran digər məsələlər xəzinə nəzarətçilərinin 2017-ci il üçün illik hesabatının təsdiq edilməsi, 2018-ci il üçün xəzinə nəzarətçilərinin seçilməsi və AHK-nın nizamnaməsinin 13.5-ci maddəsinə əsasən İdarə Heyətinə yeni üzvün qəbul edilməsinin təsdiqi oldu. Ətraflı

15.11.2017: AHK Azərbaycanın Üzvlər Yığıncağı

15 noyabr 2017-ci il tarixində AHK Azərbaycan növbəti Üzvlər Yığıncağı tədbirini Hyatt Konfrans Mərkəzində təşkil etdi.

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfiri cənab Mixael Kindsqrab Almaniya Səfirliyi ilə bağlı yeniliklər və Azərbaycanın iqtisadi mühiti barədə çıxış etdi.

SABİS SUN Beynəlxalq Məktəbin direktoru cənab Yakobus Qerike məktəbin fəaliyyəti ilə bağlı tədbirin iştirakçılarını məlumatlandırdı.

Daha sonra AHK Azərbaycanın İcraçı direktoru cənab Tobias Baumann üzv şirkətlərə AHK Azərbaycanın fəaliyyəti haqqında məlumat verdi.

Sonda yeni üzv şirkətlər Yığıncağın iştirakçılarına təqdim edildi, onların Palataya daxil olmaları Üzvlər Yığıncağı tərəfindən təsdiq olundu və tədbirdə iştirak edən şirkət təmsilçilərinə üzvlük sertifikatı təqdim edildi. Ətraflı

18.05.2017: AHK Azərbaycanın Üzvlərinin Ümumi Yığıncağı

18 may 2017-ci il, cümə axşamı günü, saat 19:00-21:30-da AHK Azərbaycanın Üzvlərinin Ümumi Yığıncağı Hyatt Konfrans Mərkəzi, Quba zalıda (Bakıxanov küç. 1) keçirilmişdir.

Almaniyanın Azərbaycandakı Səfiri cənab Mixael Kindsqrab Üzvlərin Ümumi Yığıncağında iştirak etdi. Səfir Mixael Kindsqrab qonaqları Almaniya Səfirliyindən yeniliklərlə bağlı məlumatlandırdı.

Yığıncağın gündəliyində duran digər məsələlər Palatanın hüquqi ünvanının dəyişilməsi məqsədilə AHK-nın nizamnaməsinə dəyişikliklə bağlı səsvermə, İdarə Heyətinin və xəzinə nəzarətçilərinin 2016-cı il üçün illik hesabatının təsdiq edilməsi, 2017-ci il üçün xəzinə nəzarətçilərinin seçilməsi olmuşdur. Ətraflı