AHK İmpuls
AHK Azərbaycan üzvləri arasında informasiya mübadiləsini gücləndirmək və mövcud iqtisadi trendlər barədə məlumatlanmaq məqsədilə müntəzəm olaraq AHK-İmpuls adlı görüşlər təşkil edir.
Hər bir görüş iqtisadiyyatın aktual bir mövzusuna həsr edilir. Bununla yanaşı biz üzvlərimizə öz şirkətlərini təqdim etmək fürsəti veririk. Daha sonra tədbir iştirakçıları axşam yeməyi çərçivəsində üzv və tərəfdaş şirkətlərin əhatəsində şəbəkədaxili danışıqlar aparmaq imkanı əldə edirlər.
Əvvəlki şəbəkədaxili tədbirlərin mövzuları
13.06.2024: COP29 mövzusunda AHK İmpuls tədbiri
"İnnovasiya, tərəfdaşlıq, transformasiya - COP29-dan gözləntilər"
13 iyun 2024-cü il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) qarşıdan gələn COP29 iqlim konfransına hazırlıq məqsədilə “İnnovasiya, Tərəfdaşlıq, Transformasiya - COP29-dan gözləntilər” şüarı altında silsilə tədbirlərə start verib. Bu çərçivədə ilk addım olaraq 100-ə yaxın üzv şirkət nümayəndələrinin və digər qonaqların iştirakı ilə COP29 mövzusunda AHK Impuls tədbirini keçirib. Tədbirin fəxri qonağı, COP29 Azərbaycan üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu xanım Nigar Arpadarai COP29 ilə bağlı aktual məqamları tədbir iştirakcılarının nəzərinə çatdırıb. Bunun ardınca isə, öz sahəsinin tanınmış nümayəndələri il maraqlı panel müzakirəsi keçirilib.
AHK Azərbaycan İdarə Heyətinin üzvü cənab Fərid Quliyev tədbirin açılış nitqində qonaqlar və tədbir iştirakçılarını salamlayıb və tədbirin gündəliyi barədə məlumat verib. Sonra o, sözü Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri doktor Ralf Horlemanna verib. Ətraflı
28.02.2024: "Azərbaycanın elektrik enerjisi sektoru: qısa baxış və islahatlar"
Fevralın 28-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 70-dən çox üzv şirkətin nümayəndələri, Palatanın tərəfdaşlarının və eləcə də Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətinin üzvləri daxil olmaqla növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Dr. Samir Axundov "Azərbaycanın elektrik enerjisi sektoru: qısa baxış və islahatlar" mövzusunda çıxış edib. Görüşdə, həmçinin Uniper Global Commodities SE-nin cənub regionu ölkələrinin qaz təchizatı üzrə vitse-prezidenti Dr. Michael Hilmer və Schneider Group-un Biznesin inkişafı üzrə baş inzibatçısı Olaf Letzel iştirak etmişdir.
AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqində tədbir iştirakçılarını salamlayıb və son zamanlarda keçirilən bir sıra tədbirlər və görüşlər barədə iştirakçıları məlumatlandırıb. Daha sonra cənab Baumann tədbirin fəxri spikeri Dr. Samir Axundovu təqdim edib, onun zəngin kariyerası və AHK Azərbaycana verdiyi töhfələr barədə söz açıb. Cənab Baumann həmçinin tədbirin təşkilində göstərdiyi dəstəyə görə Schneider Group-a minnətdarlığını bildirib. O, daha sonra sözü Dr. Michael Hilmer-ə verib.
Dr. Michael Hilmer 10 ildir bu sahədə aktiv olduqlarını, neft-qaz, eləcə də, elektrik bazarında olduqlarını deyib. Son illər baş verən dəyişikliklər barəsində də söz açan cənab Hilmer bərpa olunan enerjiyə ayrılan diqqət və "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında qanun" barəsində də iştirakçıları məlumatlandırıb.
Cənab Letzel öz çıxışında Schneider Group-un fəaliyyəti barəsində məlumat verib. Şirkətin hüquq və vergi, interim menecment, mühasibat uçotu, daxili audit, insan resursları, bazar araşdırması və digər sahələrdə fəaliyyət göstərdiyini vurğulayıb. Çıxışının sonunda Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətinin də bu gün tədbirdə iştirak etməsindən məmnuniyyət duyduğunu bildirib.
Samir Axundov öz nitqində "Azərbaycanın elektrik enerjisi sektoru: qısa baxış və islahatlar" mövzusunda çıxışına başlamazdan öncə Agentliyin fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra o, Elektrik enerjisi sahəsində aparılan islahatlar barəsində söz açıb. Cənab Axundov 2023-cü ildə qəbul olunan Azərbaycan Respublikasının Energetika haqqında Qanununun energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini əhatə etdiyini bildirib.
Tədbir sual-cavab sessiyası, aktiv müzakirələr və daha sonra işgüzar şam yeməyi ilə yekunlaşıb.
Tədbirin səxavətli sponsorluğuna görə Schneider Group-a minnətdarlığımızı bildiririk. Ətraflı
01.11.2023: Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri arasında görüş keçirilib
1 noyabr 2023-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi cənab Məmməd Abbasbəyli “Rəqabətin və dövlət satınalmalarının təkmilləşdirilməsi: tənzimləyici islahatlar” adlı məruzə ilə tədbirdə çıxış edib. Daha sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmaları şöbəsinin müdiri Əhməd Həsənov biznes nümayəndələri ilə təlim keçirib.
Tədbir AHK Azərbaycanın İcraçı direktoru cənab Tobias Baumannın açılış nitqi ilə başlayıb. O, tədbir iştirakçılarını salamladıqdan sonra AHK İmpuls tədbirinin fəxri qonağı cənab Məmməd Abbasbəylini Palatanın üzvlərinə təqdim edərək sözü cənab Abbasbəyliyə verib.
Çıxışında cənab Abbasbəyli qonaqları salamlayıb və Dövlət Xidmətinin dövlət-özəl sektorun qarşılıqlı fəaliyyətində fəal rolunu qeyd edib. O, dayanıqlı iqtisadiyyat qurmaq və özəl sektor vasitəsilə inkişafı təşviq etmək öhdəliyi barəsində söz açıb. Cənab Abbasbəyli, həmçinin aydın və açıq tənzimləmə formatlarının vacibliyini vurğulayıb və Dövlət Xidmətinin mürəkkəb qaydaların sadələşdirilməsi və şərh edilməsində səylərini izah edib.
O, rəqabət məcəlləsi, dövlət satınalmaları, keyfiyyət və istehlakçıların müdafiəsi daxil olmaqla, istehlakçılara fayda vermək və biznesi dəstəkləmək üçün nəzərdə tutulmuş dörd əsas tənzimləyici mandatı müzakirə edib. Cənab Abbasbəyli mövcud iqtisadi reallığı əks etdirmək üçün köhnəlmiş qanunları yeniləyərək rəqabət qanunvericiliyində əhəmiyyətli islahatların aparıldığını bəyan edib. O, həmçinin müxtəlif dövlət qurumlarının kollektiv məsuliyyətini vurğulayaraq rəqabət mühitinin yaxşılaşdırılması üzrə hökumət proqramını təqdim edib.
Bundan əlavə, cənab Abbasbəyli gənc nəslin rəqabət iqtisadiyyatı ilə bağlı maarifləndirilməsi, onları biznes dünyasında gələcək karyeralarına hazırlamaq səylərini qeyd edib. Sonda, o, yeni dövlət satınalmaları qanununun əsas xüsusiyyətlərini, o cümlədən əhatə dairəsinin genişləndirilməsi, rəqəmsallaşma, büdcə şəffaflığı, prosesləri manipulyasiya edən müəssisələrin qara siyahısı, çərçivə sazişləri və potensial şikayətlər üçün gözləmə müddətini qeyd edib.
Sonra cənab Tobias Baumann sözü Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmaları şöbəsinin müdiri Əhməd Həsənova verib.
Çıxışında cənab Həsənov qonaqları salamladıqdan sonra dövlət satınalmaları haqqında yeni qanunun tətbiqi ilə bağlı geniş təqdimatla çıxış edib. Çıxışı zamanı o, qanunun tarixi təkamülü, qanunvericilik müddəalarına əməl olunmasının vacibliyi, onun müasir aktuallığını təmin etmək üçün qanunvericiliyə edilən müxtəlif yeniliklər və təkmilləşdirmələr də daxil olmaqla bir sıra mövzuları əhatə edib.
Cənab Həsənov çıxışından sonra AHK Azərbaycan üzvlərinin suallarını cavablandırıb və müvafiq sektorların nümayəndələri ilə birbaşa dialoq aparmaq imkanı yaratdığına görə Palataya minnətdarlığını bildirib. Tədbir işgüzar nahar yeməyi ilə yekunlaşıb. Ətraflı
04.07.2023: Azərbaycanda gömrük tənzimləməsi siyasəti: mövcud tendensiyalar və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi
İyulun 4-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 70-dən çox üzv şirkətin nümayəndələri və Palatanın tərəfdaşlarının iştirakı ilə növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırov “Azərbaycanda gömrük tənzimləməsi siyasəti: mövcud tendensiyalar və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi” mövzusunda çıxış edib. Görüşdə, həmçinin SERA Holdinq MMC-nin təsisçisi və direktoru xanım Sevinc Rəhimova Smart Finans MMC-nin fəaliyyət istiqamətləri və xidmət sahələri haqqında məlumat verib.
AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqində tədbir iştirakçılarını salamlayıb və göstərdiyi dəstəyə görə Smart Finans MMC-yə minnətdarlığını bildirib. O, daha sonra sözü xanım Sevinc Rəhimovaya verib.
Sevinc Rəhimova öz nitqində hamını salamlayıb və SERA Holdinq MMC həmçinin onun alt şirkəti olan Smart Finans MMC-nin fəaliyyəti haqqında məlumat verib. Xanım Rəhimova bildirib ki, şirkət maliyə, mühasibatlıq, konsaltinq və audit xidmətləri göstərir, eləcə də o, sahibkarları ən çox maraqlandıran suallardan biri olan gömrük xidmətləri barəsində danışıb və dövlətin bu sahəyə diqqətini vurğulayaraq dəstəklədiyini bildirib.
Daha sonra cənab Tobias Baumann sözü tədbirin fəxri qonağı cənab Şahin Bağırova verib.
Şahin Bağırov öz nitqində tədbir iştirakçılarını salamlayıb, Dövlət Gömrük Komitəsinin hər zaman bu cür tədbirlərə açıq olduğunu deyib və bu kimi tədbirlərin biznes-gömrük tərəfdaşlığına töhvə verdiyini vurğulayıb. Əvvəlcə, cənab Bağırov Dövlət Gömrük Komitəsinin qarşıya qoyulmuş strateji hədəfləri, missiyaları və prinsipləri haqqında geniş məlumat verib.
Daha sonra cənab Bağırov tamamlanmış layihələrin hər biri haqqında ətraflı danışıb. Cənab Bağırov həmçinin şirkətlərin Elektron Hesab Səhifəsi tətbiqinin tamamlanmasında əməkdaşlığını yüksək şəkildə qiymətləndirib, eləcə də cari ilin 10 may tarixindən etibarən idxal-ixrac əməliyyatları həyata keçirən bütün sahibkarların Elekton Hesab Səhifəsinin istifadəçisi olduğunu deyib və tətbiqin artıq mobil veriyasının da istifadəyə verildiyi haqqında məlumat verib. Cənab Bağırov həmçinin vətəndaşların gömrük idarələrindən Elektron Bildiriş Formasını tələb etməyi və bunun önəmini vurğulayıb.
Ardınca cənab Bağırov icrası davam edən layihələrin mütamadi müzakirələr əsasında aparıldığını deyib və Risk İdarəetmə Sistemi layihəsi haqqında geniş məlumat verib. Cənab Bağırov həmçinin bu layihə çərçivəsində ölkəyə gətirilən məhsullara təkcə Dövlət Gömrük Komitəsi tərəfindən deyil, həmçinin digər qurumlar tərəfindən də icazə verib-verilmədiyini Risk İdarəetmə Sistemi vasitəsilə yoxlaya biləcəklərini deyib.
Çıxışının sonunda cənab Şahin Bağırov şəffaflıq prinsipinin önəmini vurğulayıb və vətəndaşları gömrük orqanları ilə əməkdaşlığa çağırıb.
Tədbir sual-cavab sessiyası, aktiv müzakirələr və daha sonra işgüzar şam yeməyi ilə yekunlaşıb. Ətraflı
07.04.2023: Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə görülən yenidənqurma işləri və investisiya imkanları
Aprel ayının 7-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 60-dan çox üzv şirkətlərin nümayəndələri və Palatanın tərəfdaşlarının iştirakı ilə növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov “Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə görülən yenidənqurma işləri və investisiya imkanları” mövzusunda çıxış edib. Tədbirdə əsasən işğaldan azad edilmiş ərazilərin investisiya potensialı, indiyədək görülən işlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqində tədbir iştirakçılarını salamlayıb və göstərdiyi dəstəyə görə Yelo Bank-a minnətdarlığını bildirib. O, daha sonra sözü tədbirin fəxri qonağı cənab Emin Hüseynova verib.
Qarabağ regionunda yenidənqurma işləri və inkişaf haqqında məlumat verən cənab Hüseynov bildirib ki, Qarabağ regionunda ilkin mərhələ minatəmizləmə fəaliyyəti ilə başlayıb və bu proses bir il müddətində davam edib. Qarabağ regionunda hazırda yenidənqurma işləri davam etməkdədir və xüsusilə nəqliyyat və logistika, enerji və su və kommunikasiya xəttləri üzrə aktiv fəaliyyət davam edir.
Qarabağ regionunda biznes imkanları və regionun investisiya potensialı barədə söhbət açan Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi: “Qarabağ regionunda əsasən kənd təsərrüfatının emalı, yeyinti sənayesi, mədənçıxarma, turizm sənayesi üzrə potensial investisiya imkanları və bu sahələrin inkişafının vacibliyini vurğulamışdır. Son iki ildə nəqliyyat sisteminin bərpası və Qarabağ regionunda həyata keçirilən tikinti işlərindən söz açaraq, xüsusilə yeni salınmış hava limanlarının üstünlüklərindən bəhs etmişdir. Texnologiya və “Yaşıl Enerji” haqqında məlumat verən Emin Hüseynov Qarabağ regionunda yaşıl zonanın yaradılması məsələsinə də toxunmuşdur. Prezident İlham Əliyevin qərarı ilə 2050-ci ilə qədər potensial karbon qazı emissiyasının sıfıra endirilməsi yolunda proseslərin uğurla davam etdirildiyi bildirmişdir.
Cənab Hüseynov eyni zamanda, Almaniya şirkətlərinin Azərbaycan iqtisadiyyatına verdiyi tövhəni vurğulayaraq Qarabağ regionunda da bu əlaqələrin uğurla davam etməsinin hər iki ölkə iqtisadiyyatı üçün maraqlı olduğunu da qeyd etmişdir.
Çıxışında yerli investorların perspektivini gündəmə gətirən cənab Hüseynov, alman investorları üçün də yarana biləcək imkanlar və potensial investorlara stimulların necə təqdim olunacağına dair nümunələr verib.
Tədbir sual-cavab sessiyası, aktiv müzakirələr və daha sonra işgüzar şam yeməyi ilə yekunlaşıb. Ətraflı
13.12.2022: Azərbaycanda enerji keçidi üçün perspektivlər və enerji təhlükəsizliyi siyasəti
Dekabr ayının 13-də AHK Azərbaycan 50-dən çox üzv şirkətin nümayəndələri və Palatanın tərəfdaşlarının iştirakı ilə növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Energetika nazirinin müavini cənab Samir Vəliyev “Azərbaycanda enerji keçidi üçün perspektivlər və enerji təhlükəsizliyi siyasəti” mövzusunda çıxış edib. Görüşdə, həmçinin Uniper Global Commodities SE şirkətinin vitse-prezidenti cənab Dr. Michael Hilmer və KPMG Azərbaycanın idarəedici partnyoru cənab Vitaly Yakovlev Azərbaycanda enerji keçidi mövzusunda çıxış ediblər.
AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqində tədbir iştirakçılarını salamlayıb və göstərdiyi dəstəyə görə KPMG Azərbaycana minnətdarlığını bildirib. O, daha sonra sözü tədbirin fəxri qonağı cənab Samir Vəliyevə verib.
Azərbaycanın enerji sektoru haqqında məlumat verən cənab Vəliyev bildirib ki, Azərbaycan hazırda enerji strategiyasının 3-cü pilləsindədir və bu strategiya, Azərbaycanın, eləcə də xarici tərəfdaşlarının enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib.
Azərbaycan və Almaniya ikitərəfli əlaqələrinin inkişafından danışan nazir müavini bildirib: “Azərbaycan Almaniyanın Cənubi Qafqazda mühüm ticarət tərəfdaşıdır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 57% artımla 1.3 milyard ABŞ dollarına yaxın olub. Son dörd il müddətində Almaniya 5.7 milyon tondan çox Azərbaycan nefti ilə təchiz olunub. Bu ilin yanvar-avqust aylarında Almaniya ixracımızın 96.6 %-ni xam neft təşkil edib.”
Cənab Vəliyev eyni zamanda, ölkəmizdə bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində görülən işlər haqqında məlumat verib. Daha sonra, bərpa olunan enerji mənbələri üzrə Azərbaycanın yüksək potensialından söz açıb və özəl investisiyaların dövlət investisiyalarını əvəz etdiyi müsbət mühiti vurğulayaraq, Azərbaycanın yaşıl enerji keçidinə tam şəkildə hazır olduğunu bildirib.
Daha sonra Dr. Hilmer tədbir iştirakçılarını Almaniyada enerji keçidi mövzusunda məlumatlandırıb. Həmçinin bildirib ki, bugünkü AHK Impuls tədbiri həm də enerji keçidi üzrə yeni AHK İşçi Qrupunun təsis tədbirlərindəndir.
Çıxışında yerli investorların perspektivini gündəmə gətirən cənab Yakovlev, enerji keçidini dəstəkləmək üçün potensial investorlara stimulların necə təqdim olunacağına dair nümunələr verib.
Tədbir aktiv müzakirələr və daha sonra işgüzar şam yeməyi ilə yekunlaşıb. Ətraflı
06.07.2022: Azərbaycanda əhalinin məşğulluğu sahəsində dövlət siyasəti
6 iyul 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil etdi. Tədbir Azərbaycanda əhalinin məşğulluğu sahəsində dövlət siyasəti mövzusuna həsr olunmuşdu. Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri cənab Mustafa Abbasbəyli “Məşğulluq strategiyasının iqtisadi inkişafın təmin edilməsində rolu” adlı məruzə ilə tədbirdə çıxış etdi.
AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqində tədbirdə iştirak edən üzv şirkətləri və Palatanın tərəfdaşlarını salamladı və sözü daha sonra tədbirin fəxri qonağı cənab Mustafa Abbasbəyliyə verdi.
Cənab Abbasbəyli öz çıxışında nazirliyin aktiv əmək bazarına mümkün qədər çox vətəndaşı, yəni vergi ödəyicilərini cəlb etmək və saxlamaq məqsədindən danışaraq, aktiv əmək bazarı iştirakçıları ilə sosial təminat alan şəxslər arasında keçid prosesində pozuntunun iqtisadi vəziyyətə necə zərərli olacağını vurğuladı. Daha sonra o, Azərbaycanın əmək bazarı qanunvericiliyinin sosial yönümlü olduğunu, lakin sosial dövlət və liberal iqtisadiyyatlar arasında orta mövqe tutan hibrid modelə keçidə yönəldiyini bildirdi.
Daha sonra cənab Abbasbəyli iqtisadiyyat və əhalinin artımı arasındakı əlaqə haqqında ətraflı məlumat verdi və Azərbaycan kimi inkişaf etməkdə olan dövlətlərdə əhalinin sayının iqtisadiyyat ilə müqayisədə daha sürətlə artdığını qeyd etdi. Bu, kifayət qədər iş yerlərini təmin edə bilməmək kimi problemlərə gətirib çıxarır. Digər tərəfdən bu hal həm də bir üstünlük yaradır, çünki əhalinin artımı iqtisadiyyatda daha çox istehlak və tələb deməkdir, istehsalın artımı ÜDM-i artırır, və beləliklə, daha çox məşğulluq yaradır.
Cənab Abbasbəyli innovasiyaların, xüsusən də kənd təsərrüfatı kimi yüksək məşğulluq tələb edən, lakin aşağı məhsuldarlığa malik iqtisadi sektorlarda tətbiqinin əhəmiyyətini vurğuladı, həmçinin Azərbaycanda əmək müqavilələrinin sayına bərabər olduğu təxmin edilən qeyri-formal iqtisadiyyatın həcmindən danışdı.
Bundan başqa, o, rəqəmsal iqtisadiyyat və rəqəmsal transformasiyanın vacibliyini dilə gətirdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ən innovativ dövlət qurumlarından biridir və 130 xidmətdən 100-dən çoxu elektron şəkildə təqdim olunur. Sonda cənab Abbasbəyli çıxışını iqtisadi dayanıqlığın və diversifikasiyanın artırılmasında kiçik və orta biznesin inkişafının əhəmiyyətini vurğulayaraq yekunlaşdırdı.
Tədbir aktiv sual-cavab sessiyası və daha sonra işgüzar şam yeməyi ilə davam etdi. Ətraflı
10.02.2022: Yeni çağırışlar fonunda Azərbaycanda miqrasiya idarəçiliyi
10 fevral 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynov, “Yeni çağırışlar fonunda Azərbaycanda miqrasiya idarəçiliyi”mövzusunda çıxış edib. Tədbir yeni növ koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin mövcud tələblərinə riayət olunmaqla Hyatt Regency Bakı Hotelində keçirilib.
AHK Azərbaycanın İcraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqini etdikdən sonra tədbirdə iştirak edən diplomatik missiya nümayəndələrini salamlayıb və sözü daha sonra tədbirin fəxri qonağı cənab Vüsal Hüseynova verib.
Cənab Hüseynov Dövlət Miqrasiya Xidmətinin (DMX) əsas fəaliyyət istiqamətləri, qurumun fəaliyyətinin təkmilləşdirilməsi üçün həyata keçirilən institusional islahatlar barədə ətraflı məlumat verib. Həmçinin bildirilib ki, son 2 ilin ən mühüm çağırışlarından biri olan Covid-19 pandemiyası ilə bağlı tətbiq olunan qaydaların özəl sektorun nümayəndələrinə və ölkədəki əcnəbilərin həyatına minimum təsir etməsi istiqamətində vacib addımlar atılıb. O, sahibkarlara göstərilən xidmətlərin sadələşdirilməsinin, yeni elektron xidmətlərin yaradılmasının və ölkə daxilində miqrantların yaşamalarının leqallaşdırılması üçün tətbiq olunan müxtəlif güzəştlərin əhəmiyyətini vurğulayıb.
Bundan əlavə cənab Hüseynov qeyd edib ki, ikinci bir mühüm çağırış işğaldan azad edilmiş torpaqlarda başlayan bərpa ve quruculuq işləriylə əlaqədar ölkədə olan əcnəbi işçi qüvvəsinə tələbin artması ilə bağlıdır. Bu istiqamətdə artan tələbat nəzərə alınaraq kvotaların müvafiq olaraq artırıldığını bildirib. “Baxmayaraq ki, 2021-ci il üçün kvota 6740 nəfər müəyyən edilmişdir, ancaq zərurətə dayanaraq bu rəqəm 1000 nəfər artırılmış və 7740 nəfər olmuşdur. 2022-ci il üçün isə 8740 nəfər müəyyən edilmişdir. Bu hal biznes mühitinin canlanmasına və eləcə də karantin qaydalarının yumşalmasına təsir edir.”
Tədbirdə həmçinin DMX-nin sosial layihələri barədə söhbət açan cənab Hüseynov Beynəlxalq Miqrasiya təşkilatının və DMX-nin birgə icra etdiyi Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması layihəsi üzərində işlərin görüldüyünü nəzərə çatdırıb.
Çıxışdan sonra cənab Vüsal Hüseynov AHK Azərbaycan üzvlərinin suallarını cavablandırıb və Palataya özəl sektor nümayəndələri ilə yaratdığı birbaşa dialoq imkanı üçün minnətdarlığını ifadə edib. Tədbir işgüzar şam yeməyi ilə yekunlaşıb. Ətraflı
16.11.2021: Azərbaycanda Antiinhisar Nəzarəti və Rəqabət Mühiti: Gələcəyə Baxış
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəylinin AHK Azərbaycan üzvləri ilə görüşü keçirilib
16 noyabr 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) rəis müavini cənab Məmməd Abbasbəyli “Azərbaycanda Antiinhisar Nəzarəti və Rəqabət Mühiti: Gələcəyə Baxış” mövzusunda çıxış edib. Tədbir yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin mövcud tələblərinə riayət olunmaqla “Hyatt Regency” İclas və Konfrans Mərkəzində keçirilib. AHK Azərbaycanın İcraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqini etdikdən sonra tədbirdə iştirak edən diplomatik missiya nümayəndələrini salamlayıb və sözü daha sonra tədbirin fəxri qonağı cənab Məmməd Abbasbəyliyə verib.
Cənab Abbasbəyli ötən aylarda AHK Azərbaycan tərəfindən dərc olunan illik Biznes Mühiti Sorğusuna istinad edərək qeyd edib ki, dövlət satınalmalarında şəffaflığın artırılması və tender meyarları və prosedurlarının yaxşılaşdırılması Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər tərəfindən sağlam biznes və investisiya mühitinin əsas tələblərindən biri kimi qeyd olunub. Sorğunun nəticələrinin AİBNDX tərəfindən dərindən təhlil olunduğunu deyən rəis müavini, qurumun islahat tədbirlərində xarici şirkətlərin təklif və fikirlərinin nəzərə alınacağını vurğulayıb.
Abbasbəyli AİBNDX-nin fəaliyyət istiqamətləri, qurumun fəaliyyətinin təkmilləşdirilməsi üçün davam edən institusional islahatlar barədə ətraflı məlumat verib. Həmçinin bildirilib ki, son dövrlər liberal və rəqabətli iqtisadi siyasət vasitəsiylə davamlı iqtisadi artış istiqamətində vacib addımlar atılır. Bununla yanaşı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə birbaşa dövlətin iştirakı ilə bazarlarda rəqabətli mühitin yaranmasının təşviqi üçün müəyyən edilmiş yeni tədbirlərdən danışan Abbasbəyli, həm beynəlxalq təcrübə, həm də Azərbaycanın iqtisadi artım şərtləri nəzərə alınmaqla Rəqabət Məcəlləsinin yeni təkmilləşdirilmiş layihəsinin hazırlandığını və hal-hazırda layihənin müvafiq strukturlarla razılaşdırılma mərhələsində olduğunu qeyd edib.
Bundan əlavə qeyd olunub ki, bu il dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr hesabına elektron satınalmaların həcmi 630.3 mln. manat təşkil edib ki, bu da həmin dövrdə ümumi satınalmaların 15.4%-na bərabərdir. Dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 96% təşkil edib.
Tədbirdə həmçinin AİBNDX-nin strateji hədəfləri barədə də məlumat verilib. Qeyd edilib ki, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyətini təmin edən ədalətli və azad rəqabət mühitinin qorunması, milli iqtisadiyyatda rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və davamlı inkişafın dəstəklənməsi, xidmətlərin rəqəmsallaşdırılması, habelə istehlak mərkəzli ekosistemin yaradılması 2022-2026-cı illər üçün əsas prioritet məqsədlər və strateji sütunlar kimi müəyyən edilib.
Təqdimatdan sonra cənab Abbasbəyli AHK Azərbaycan üzvlərinin suallarını cavablandırıb və Palataya özəl sektor nümayəndələri ilə yaratdığı birbaşa dialoq imkanı üçün minnətdarlığını ifadə edib. Tədbir işgüzar şam yeməyi ilə yekunlaşıb. Ətraflı
29.10.2021: Gömrük nəzarəti və rəsmiləşdirilməsi sahəsində dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi
29 oktyabr 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev “Gömrük nəzarəti və rəsmiləşdirilməsi sahəsində dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi” mövzusunda çıxış edib. Tədbir yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin mövcud tələblərinə riayət olunmaqla “Hyatt Regency” İclas və Konfrans Mərkəzində keçirilib.
AHK Azərbaycanın İcraçı direktoru, cənab Tobias Baumann tədbirin açılış nitqini etdikdən sonra görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib.
Sonra tədbirin fəxri qonağı cənab Mehdiyev Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri və dəyişkən global iqtisadi mühit fonunda Gömrük Komitəsi tərəfindən şəffaflığın artırılması, kölgə iqtisadiyyatı və qaçaqmalçılıq ilə mübarizə və kadr potensialının gücləndirilməsi ilə bağlı aparılan işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Xüsusilə də dövlət-özəl sektor əməkdaşlığı nəticəsində fiziki yoxlamaların həcminin əhəmiyyətli dərəcədə azaldılması və səmərəliliyin artırılması istiqamətində Gömrük xidməti tərəfindən görülən işlərdən bəhs edib. Bununla yanaşı, cənab Mehdiyev fiskal sahədə son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlardan, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərdən və sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş prioritet hədəflərdən danışıb.
Müasir və sadə prosedurların tətbiqi və qanunvericiliyə uyğunlaşdırılması barədə çıxış edən DGK sədri “Yaşıl dəhliz” sisteminin təkmilləşdirilməsi və gömrük xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb və gömrük rüsumlarının ödənilməsində könüllülük prinsipinin tətbiqinin vacibliyini vurğulayıb. O qeyd edib ki, 750 şirkət artıq “Yaşıl dəhliz” sisteminə qoşulub və onlar ümumi ixracın 30%-nə yaxınını, idxalın isə 41%-ni təşkil edirlər.
Beynəlxalq əməkdaşlıqlara və xarici bizneslərin təkliflərinə xüsusi önəm verdiklərini qeyd edən cənab Sədr, rəqabətədayanıqlı iqtisadiyyatın təmin edilməsi üçün yeni gömrük məcəlləsinin hazırlandığını və dünya ticarətində baş verən yeniliklərin Azərbaycanda gömrük sahəsindəki islahatlarda nəzərə alındığını bildirib. Cənab Mehdiyev vurğulayıb ki, xidmətlərin rəqəmsallaşdırılması əhalinin bu xidmətlərdən asan və rahat şəkildə faydalanmasını təmin etməklə yanaşı, qurulmuş sistemin optimallaşdırılması imkanlarını daha da artıracaq.
Çıxışından sonra cənab Mehdiyev AHK Azərbaycan üzvlərinin suallarını cavablandırıb və Palataya özəl sektor nümayəndələri ilə yaratdığı birbaşa dialoq imkanı üçün minnətdarlığını ifadə edib. Tədbir işgüzar nahar yeməyi ilə yekunlaşıb. Ətraflı
01.07.2021: Azərbaycanda sosial müdafiəyə yeni yanaşma
01 iyul 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”) “Ameco” MMC və “Səhhət” klinikasının dəstəyi ilə üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil etmişdir. Tədbirin fəxri qonağı Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri cənab Himalay Məmişov “Azərbaycanda sosial müdafiəyə yeni yanaşma” mövzusunda çıxış etmişdir. Tədbir yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin mövcud tələblərinə riayət olunmaqla “Hyatt Regency” İclas və Konfrans Mərkəzinin “Quba” zalında keçirilmişdir.
“AHK Azərbaycan”ın icraçı direktoru cənab Tobias Baumann tədbiri salamlama nitqi ilə açdıqdan sonra “Ameco” MMC-nin laborator avadanlıq üzrə mütəxəssisi Dr. Səbinə Qafarova təqdimat ilə çıxış etdi. Dr. Qafarova çıxışı zamanı yeni ekspress COVID-19 əks cisim testlərini təqdim etdi və koronavirusun yayılmasına qarşı təsirli bir yol kimi hər kəs üçün testlərin əlçatan olmasının əhəmiyyətini vurğuladı.
Sonra tədbirin fəxri qonağı cənab Məmişov Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri və Fond tərəfindən əhalinin sosial sığorta sisteminin gücləndirilməsi ilə bağlı aparılan işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Xüsusilə də əhalinin sosial müdafiəsi və pensiya təminatı sistemlərinin şəffaflığının təmin edilməsi və səmərəliliyinin artırılması istiqamətində Fond tərəfindən görülən işlərdən bəhs etdi. Bununla yanaşı, cənab Məmişov sosial təminat sahəsində son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlardan, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərdən və sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş prioritet hədəflərdən danışdı.
Cənab Məmişov “e-sosial” portalının həm sosial sığorta sistemi, həm də vətəndaşlar üçün yaratdığı üstünlükləri xüsusi olaraq vurğuladı. O qeyd etdi ki, xidmətlərin rəqəmsallaşdırılması əhalinin bu xidmətlərdən asan və rahat şəkildə faydalanmasını təmin etməklə yanaşı, qurulmuş sistemin optimallaşdırılması imkanlarını daha da artırdı. Bundan əlavə, sosial mediada vətəndaşların suallarının operativ cavablandırılması göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına böyük zəmin yaratdı. Eyni zamanda, o, COVID-19 pandemiyası zamanı vətəndaşlarla təmasın onlayn müstəvidə həyata keçirilməsindən bəhs etdi.
Çıxışından sonra cənab Məmişov “AHK Azərbaycan” üzvlərinin suallarını cavablandırdı və Alman-Azərbaycan Xarici Ticarət Palatasına özəl sektor nümayəndələri ilə yaratdığı birbaşa dialoq imkanı üçün minnətdarlığını ifadə etdi. Tədbir işgüzar şam yeməyi ilə yekunlaşdı. Ətraflı
08.04.2021: Azərbaycanda nəqliyyat və logistika sənayesinin inkişafı
8 aprel 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətlər üçün növbəti onlayn AHK İmpuls tədbirini təşkil edib. Tədbir Azərbaycanda nəqliyyat və logistika sənayesinin inkişafı mövzusuna həsr olunmuşdu.
AHK İdarə Heyətinin Sədri cənab Fərid İsayevin salamlama nitqindən sonra tədbirin fəxri qonağı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Dr. Taleh Ziyadov “Bakı Limanı İnkişafda olan Nəqliyyat və Logistika Qovşağı kimi: Beynəlxalq Ticarətin Təşviqi” adlı məruzə ilə çıxış etdi.
Dr. Ziyadov öz çıxışında tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Bakı Limanı Antverp Limanının “APEC Liman Təlim Mərkəzi” ilə Anlaşma Memorandumu imzalayıb və bu proqram çərçivəsində nəqliyyat, ticarət və logistika sahəsində çalışmaq istəyən şəxslərə təlim proqramları təşkil ediləcək. O, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra regionda kommunikasiya xətlərinin açılışı, Limanın növbəti iki il üçün inkişaf strategiyası, Asiya və Avropanın aparıcı logistika mərkəzləri və nəqliyyat şirkətləri ilə əldə olunan razılaşmalar və regionun nəqliyyat sektorundakı yeniliklər kimi məsələlərə toxundu.
Tədbir AHK Azərbaycanın icraçı direktorun müavini xanım Nigar Bayramlının moderasiyası ilə keçirilən üzv şirkətlərin sorğularına dair sual-cavab sessiyası ilə yekunlaşdı. Ətraflı