Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini AHK Azərbaycanın İKT İşçi Qrupunun görüşündə iştirak edib
11 may 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini cənab Elmir Vəlizadə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) İşçi Qrupunun növbəti görüşündə iştirak edib.
Görüşün əsas mövzusu 2016-cı ilin dekabrında nəşr olunan "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi" olub. Müzakirələrdə həmçinin rəqəmsal iqtisadiyyatda və ictimai sektorda İKT səmərəliliyinin daha da artırılmasında İKT infrastrukturunun əhəmiyyəti vurğulanıb.
Tədbir AHK Azərbaycanın İdarə Heyətinin Sədr müavini cənab Fərid İsayevin və Almaniya Federativ Respublikasının Səfirliyinin Missiya rəhbərinin müavini xanım Tereza Şönfeldin salamlama nitqləri ilə açılıb. Bundan sonra tədbir AHK Azərbaycanın İKT İşçi Qrupunun sədri cənab Rüfət Hacıəlibəyovun İşçi Qrupunun fəaliyyəti və görüşün əsas mövzusu barədə qısa təqdimatı ilə davam edib.
Görüşün fəxri qonağı olan cənab Vəlizadə Azərbaycanın İKT siyasəti ilə bağlı fikirlərini bölüşüb və Strateji Yol Xəritəsinə əsaslanan tədbirlər planını qısa şəkildə müzakirə edib. Bundan əlavə, o, sürətlə inkişaf edən texnologiya dünyasında 5G Texnologiyasının əhəmiyyətini vurğulayıb.
Tədbirin sual-cavab hissəsində nazir müavini görüşdə iştirak edən yüksək səviyyəli şirkət nümayəndələrinin suallarını cavablandırıb və onları müzakirə olunan mövzular və Azərbaycanda İKT strategiyasının həyata keçirilməsinin təkmilləşdirilməsinə dair imkanlar barədə təkliflərini irəli sürməyə çağırıb.
Publications on the topic
Press_Reliz.pdf