Press Release

Aİ-Azərbaycan Biznes Forumu biznes mühitinin daha da yaxşılaşdırılmasına dair güclü öhdəliyi vurğulayır

05.06.2018

5 iyun 2018-ci il tarixində Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumu fəal və stimullaşdırıcı biznes tədbiri olduğunu sübut edib. Şirkət və hökumət nümayəndələrindən ibarət təxminən 700-ə yaxın iştirakçı panel müzakirələrinə və işgüzar görüşlərə qatılıb. Onlar bu günə qədər əldə olunan uğurları müzakirə edərək gələcək islahat gündəminin formalaşdırılmasına dair təkliflər irəli sürüblər.

Azərbaycanın İqtisadiyyat nazirinin müavini cənab Rüfət Məmmədov, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun (DG NEAR) Şərq Qonşuluğu bölməsinin Direktoru cənab Lourens Meredit və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Jankauskas Aİ-Azərbaycan Biznes Forumunun rəsmi açılışını ediblər. Biznes Forum Azərbaycanda cari iqtisadi və biznes inkişafına dair müzakirələrin aparılması məqsədini daşıyıb. Tədbirin açılış mərasimini edən nümayəndələr Aİ-Azərbaycan biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və gücləndirilməsinə dair öhdəliklərini bildiriblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən cənab Məmmədov Azərbaycan və Aİ biznes icması üçün Forumun önəmini vurğulayıb və işgüzar əlaqələrin qurulmasına əvəzsiz imkanlar təmin etdiyini qeyd edib. Azərbaycanda həyata keçirilən son islahat tədbirləri barədə rəy bildirən cənab Məmmədov əlavə edib: "Vergi və gömrük administrasiyasında həyata keçirilən islahatlar, yeni elektron xidmətlərin tətbiqi, şəffaflığın və hesabatlılığın artırılması biznes mühitinin yaxşılaşdırılmasında böyük irəliləyişə səbəb olub."

Aİ-nin Azərbaycandakı Səfiri cənab Jankauskas Aİ-Azərbaycan ticarət və investisiya əlaqələrindəki "stimul" haqqında bildirib: “Bu stimulu qoruyub saxlamaq üçün görüləsi işlər var və əlbəttə ki, daha çox potensial var: KOS-ların inkişafı üçün mühüm əhəmiyyətə malik olan inkişaf etdirilmiş biznes mühiti daha çox Avropalı investoru ölkəyə cəlb edəcək.”

Aİ-Azərbaycan tərəfdaşlığının əhəmiyyətini vurğulayan və Azərbaycanın iqtisadi şaxələndirmə gündəliyində əldə olunan nailiyyətlər barədə danışan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun (DG NEAR) nümayəndəsi cənab Meredit qeyd edib: "Aİ ilə Azərbaycan arasında yeni iddialı saziş üzrə aparılan danışıqlar qarşılıqlı maraqlarımızı təsdiqləyir. Əlaqələrimizi genişləndirmək və Azərbaycan iqtisadiyyatının müasirləşdirilməsində birlikdə əməkdaşlıq etmək üçün potensial var.”

Biznes Mühiti Hesabatı

Aİ tərəfindən maliyyələşdirilən və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) tərəfindən nəşr olunan “2018-ci il üzrə Aİ Biznes Mühiti Hesabatı”nın təqdimatı ilə müzakirələrə start verilib. Azərbaycanda cari iqtisadi vəziyyət və biznes mühitinə dair ölkədə fəaliyyət göstərən Aİ şirkətlərinin fikirlərinə əsaslanan müfəssəl hesabata əsasən, vergi və gömrük sistemində, eləcə də hüquq və təhsil sahəsində yeni və davamlı islahatlara ehtiyac var. AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann bildirib: “Bu tədqiqat yaxşılaşdırılmış tənzimləyici çərçivənin daha da təkmilləşdirilməsində hökumətə dəstək ola və ölkə bazarında inkişaf potensialının müəyyənləşdirilməsinə töhfə verə bilər.” Vergilər naziri cənab Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev və Dövlət Miqrasiya Xidmətinin rəhbəri cənab Vüsal Hüseynov hesabatın nəticələri ilə bağlı öz dəyərli və həvəsləndirici şərh və rəylərini bölüşüblər və tədqiqat üçün minnətdarlığını bildiriblər. Onlar Aİ şirkətləri tərəfindən hesabatda da vurğulanan çətinliklərin aradan qaldırılması üçün nəzərdə tutulan islahat tədbirlərini qeyd edib və özəl sektoru öz təklif və rəylərini dövlət qurumlarına bildirməyə çağırıb.

Azərbaycanda iqtisadi islahatlara dair müzakirələr

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı Direktoru cənab Vüsal Qasımlı Forumun plenar sessiyasının açılışını edərək Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara dair əldə olunmuş nailiyyətlər və perspektivlər və ölkədə biznes mühitinin inkişaf etdirilməsi istiqamətində görülən cari tədbirlər barədə çıxış edib. İqtisadiyyat nazirinin müavini xanım Sevinc Həsənova da tədbirdə açılış nitqi ilə çıxış edib və ölkədəki iqtisadi vəziyyətin və biznes mühitinin inkişaf etdirilməsində dövlət-özəl sektor dialoqunun əhəmiyyətini vurğulayıb.

Əsas sektorlar üzrə müzakirələr

İqtisadi islahatlara dair plenar sessiyadan əlavə, Kənd təsərrüfatı və Qida, Tikinti və Maşınqayırma, Nəqliyyat və Logistika, İKT və Elektron ticarət sektorlarına həsr olunan xüsusi panel müzakirələri keçirilib. Müzakirələrin əsas mövzusu sektorlardakı cari inkişaf, çətinliklər və qeyd olunan sənaye sahələrində mövcud olan inkişaf imkanları olub.

Forum haqqında

Hər il keçirilən Aİ-Azərbaycan Biznes Forumu Azərbaycanda cari iqtisadi və biznes inkişafını müzakirə etmək və Aİ-Azərbaycan biznes əlaqələrini genişləndirmək məqsədi daşıyan, müzakirələrin keçirilməsi və işgüzar münasibətlərin qurulması üçün platformadır. Aİ-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.

Əlaqələndirici şəxs:

Günay Mirzəyeva

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK)

E-mail: gunay.mirzayeva(at)ahk-baku.de

Tel: +99412 4976306

Publications on the topic

Press_Reliz.pdf