Press Release

Aİ-Azərbaycan Biznes Forumu: biznes əlaqələrinə və dövlət-özəl sektor dialoquna yeni təkan

13.06.2019

Azərbaycanın İqtisadiyyat naziri cənab Mustafayev və Aİ komissarı cənab Hahn beşinci Aİ-Azərbaycan Biznes Forumunun açılışını ediblər. Hər il keçirilən tədbirə ikitərəfli biznes görüşlərində və panel müzakirələrində iştirak edən hökumət nümayəndələri və biznes rəhbərləri də daxil olmaqla, 800-dən artıq iştirakçı qatılıb.

Rəsmi açılışda ikitərəfli iqtisadi və biznes əlaqələrinin qorunub saxlanılması və daha da gücləndirilməsinin önəmi vurğulanıb. Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Şahin Mustafayev açılış nitqində artıq ənənəyə çevrilmiş Forumun Azərbaycanla Avropa İttifaqı arasında geniş gündəlik üzrə iqtisadi əməkdaşlıq perspektivlərinin və qarşılıqlı ticarət və investisiya imkanlarının müzakirə edilməsi üçün önəmli platforma rolunu oynadığını vurğulayıb. Azərbaycanın iqtisadi vəziyyəti barədə məlumat verən cənab Mustafayev qeyd edib: “Əvvəlki biznes forumdan ötən müddətdə iqtisadiyyatın dayanıqlığının artması və yeni şəraitə uyğunlaşması prosesi davam etmişdir. Makroiqtisadi və maliyyə sabitliyinin qorunması istiqamətində görülmüş işlər nəticəsində 2019-cu ilin 1-ci rübündə ÜDM 3%, qeyri-neft ÜDM 1,7%, qeyri-neft sənayesi isə 16,1% artmış, inflyasiya 2,1% təşkil etmişdir.” Azərbaycanda həyata keçirilən strateji islahatlara toxunan cənab nazir təhsil və səhiyyənin keyfiyyətin yaxşılaşdırılması, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq təkmilləşdirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı cənab Johannes Hahn Şərq Tərəfdaşlığının 10 illiyini vurğulayıb və qeyd edib ki, "islahatların həyata keçirilməsi və vətəndaşlar üçün real imkanların yaradılması gələcək illərdə də əsas prioritetlərdən biri olaraq qalacaq". Təkmilləşdirilmiş əlaqəlilik ilə bağlı həyata keçirilən birgə işə toxunan Komissar Hahn bildirib: "[Avropa və Asiyanın əlaqələndirilməsi ilə bağlı] Aİ Strategiyasının əhatə etdiyi sektorlara nəzər yetirsək, Aİ və Azərbaycanın əlaqəliliyin müxtəlif sahələrində - nəqliyyat, enerji, rəqəmsallıq və insanlararası münasibətlər ilə bağlı sektorlar - işlər həyata keçirdiyini görə bilərik və bu, hərtərəfli şəkildə davam etdirilməlidir."

Aİ Biznes Mühiti Hesabatı

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən nəşr olunan Azərbaycanın 2019-cu il üzrə Aİ Biznes Mühiti Hesabatı Biznes Forumunda təqdim olunub və Azərbaycanda son iqtisadi yeniliklər, imkanlar və çətinliklər barədə müzakirələrə start verilib. Mövcud iqtisadi vəziyyətlə yanaşı, ölkədəki biznes və investisiya mühiti barədə Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin fikirlərini əks etdirən illik biznes mühiti hesabatının nəticələrinə əsaslanan hesabatın əsas məqamları təqdim edilib. Tədqiqat vergi və gömrük sistemində, eləcə də təhsil və maliyyə sahələrində islahatların gücləndirilməsinin və yeni islahatların həyata keçirilməsinin vacibliyini vurğulayır. Həmçinin, hesabat sahibkarlar arasında məlumatlılıq səviyyəsini artırmaq və yol xəritələrinin uğurlu şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə dövlət-özəl sektor dialoqunun gücləndirilməsinin əhəmiyyətini vurğulayır.

Vergilər naziri cənab Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədrinin müavini cənab İsmayıl Hüseynov, Ədliyyə nazirinin müavini cənab Toğrul Musayev və Təhsil nazirinin müavini cənab İdris İsayev tədqiqata dair müzakirələrdə iştirak edib və hesabatın nəticələri ilə bağlı öz dəyərli fikirlərini bölüşüblər. Onlar öz sektorlarında mövcud olan çətinliklərin aradan qaldırması məqsədilə davam etdirilən islahat tədbirləri barədə ətraflı məlumat veriblər və dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsini dəstəklədiklərini bildiriblər.

Biznes mühiti üzrə plenar panel müzakirəsi

Biznes Forumunda İqtisadiyyat nazirinin müavini cənab Rüfət Məmmədovun, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı Direktoru cənab Vüsal Qasımlının, o cümlədən Aİ və Azərbaycandan olan dövlət və özəl qurumların yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə biznes mühiti üzrə plenar panel müzakirəsi keçirilib.

Əsas sektorlar üzrə müzakirələr

Bu il Biznes Forumuna Kənd təsərrüfatı, Əlaqələndiricilik (Nəqliyyat, Loqistika və İKT) və Turizm sektorları üzrə panel müzakirələri daxil olub. Nazirliklərin və dövlət qurumlarının rəsmilərinin, eləcə də müxtəlif sənaye sahələri üzrə mütəxəssislərin iştirakı ilə keçirilən müzakirələrin əsas mövzusunu müvafiq sektorlarda son iqtisadi inkişaf, biznes imkanları və mövcud olan çətinliklər təşkil edib.

Forum haqqında

Hər il keçirilən Aİ-Azərbaycan Biznes Forumu biznes mühiti və mövcud investisiya imkanları ilə bağlı müzakirələr üçün unikal bir platformadır. Tədbir Avropa və Azərbaycan şirkətlərinə etibarlı biznes tərəfdaşları ilə birbaşa əlaqənin yaradılması üçün mükəmməl imkan yaradır və Aİ-Azərbaycan biznes əlaqələrinin daha da gücləndirilməsi məqsədini daşıyır. Aİ-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.

Mətbuat üçün əlaqələndirici şəxs:

Günay Mirzəyeva

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan)

E-mail: gunay.mirzayeva@ahk-baku.de

Tel: +99412 4976306

Publications on the topic