AHK Azərbaycan və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək və məşğulluq sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
12 iyul 2018-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) nümayəndələri ilə görüş təşkil olunub. Görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayev ilə AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann, AHK Azərbaycanın İdarə Heyətinin Sədr müavini cənab Fərid İsayev və AHK Azərbaycanın Bazarın Təhlili və Kommunikasiya şöbəsinin rəhbəri xanım Nigar Bayramlı arasında keçirilib. Görüşdə tərəflər arasında əmək və məşğulluq sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Bauman əmək və məşğulluq sahələsində aparılan islahatlarda Palatanın Nazirlik ilə əməkdaşlığa hazır olduğunu bildirib. O, Palatanın bütün mümkün əməkdaşlıq istiqamətlərində birgə işlərin yerinə yetirilməsini təmin edə biləcəyini qeyd edib. Cənab Baumann 130-dan artıq üzv şitkəti olan Palatanın şəbəkəsinin genişləndiyini vurğulayıb və Nazirliklər və dövlət qurumları ilə üzbəüz görüşlər, İşçi Qrupu görüşləri, AHK İmpuls və Biznes Forumlar kimi AHK Azərbaycan tərəfindən həyata keçirilən yeni layhələr haqqında məlumat verib.
AHK Azərbaycanın İdarə Heyətinin Sədr müavini cənab Fərid İsayev Palatanın fəaliyyəti, xüsusilə gələcək aylarda yaradılacaq AHK Azərbaycanın İnsan Resursları və Peşə Təhsili üzrə İşçi Qrupları barədə məlumat verib və İşçi Qruplarının gələcək fəaliyyətlərində Palatanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq etmə istəyini bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayev əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı proqramlarının icrası və genişləndirilməsi, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınması sahələrində görülən işlər, aparılan islahatlar barədə məlumat verib. Həmin sahələrlə bağlı səmərəli fəaliyyət mexanizmlərinin qurulmasında biznes strukturları ilə birgə işlərin əhəmiyyətindən bəhs edən nazir bildirib ki, AHK Azərbaycan ilə əmək və məşğulluq sahəsində əməkdaşlığa da xüsusi önəm verilir. Xüsusilə işçilərin sosial sığorta, həmçinin işsizlik sığortası sistemində iştirak səviyyəsinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınması, korporativ sosial məsuliyyət prinsipi çərçivəsində aktiv əmək bazarı proqramlarının hazırlanması və icrası sahələrində Palata ilə fəal əməkdaşlığın qurulmasının faydalı olduğu vurğulanıb.
AHK Azərbaycanın bu sahədə işlərə öz dəyərli töhfəsini verə biləcəyini deyən cənab Babayev diqqətə çatdırıb ki, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması üçün aparılan islahatlar çərçivəsində yaradılması nəzərdə tutulan məşğulluq portalında ölkəmizdəki alman şirkətləri tərəfindən də vakansiyaların yerləşdirilməsi, işçi qüvvəsinə olan tələblərin qeyd olunması bu işlərə müsbət dəstək ola bilər. Eyni zamanda, Palata həssas qruplar üçün peşə hazırlığı infrastrukturunun genişləndirilməsində, istehsalatla əlaqəli, dual peşə təhsili və təlimi potensialının gücləndirilməsində iştirak edərək öz dəstəyini göstərə bilər. Nazir, həmçinin AHK Azərbaycanla, xüsusilə əmək və məşğulluq sahələrində həyata keçirilən islahatlar barədə məlumatların çatdırılması baxımından əlaqələrin genişlənəcəyinə dair əminliyini ifadə edib.
Əlaqələndirici şəxs: Günay Mirzəyeva
E-mail: gunay.mirzayeva@ahk-baku.de
Tel: +99412 4976306/07