Aserbaidschan - News Hauptkategorie
Member News
Hüquq və Vergilər
Üzvlər

GRATA International, Azərbaycan şirkətinin məqaləsi: Müəssisədə əmək fəaliyyətinin kompleks yoxlanılması

10.08.2021

Müəssisədə əmək fəaliyyətinin kompleks yoxlanılması zamanı aşkar edilmiş problemlər biznes sövdələşmələrinə ciddi təsir göstərir. Belə ki, birləşmə və qoşulma əməliyyatları zamanı alıcı tərəf hədəf şirkətin insan kapitalını da satın alır. İnsan kapitalı şirkətin qeyri-maddi aktivləri hesab edilir. Bundan başqa, əmək münasibətlərindən irəli gələn problemlər və mübahisələr böyük vəsaitlər tələb edə bilər. Alıcı şirkəti potensial risklərdən qorumaq üçün birləşmə və qoşulma əqdlərinin bağlanılmasından əvvəl əmək hüququ üzrə ixtisaslaşan hüquqşünas hədəf şirkətin potensial inzibati və cinayət risklərini qiymətləndirməlidir. Bu səbəbdən də, alıcının hədəf şirkətə dair əmək məsələləri ilə əlaqədar bütün faylları və sənədləri nəzərdən keçirməsi hədəf şirkətin kompleks yoxlanılmasının vacib komponentlərindən biridir.

Alıcı tərəf, hədəf şirkətinin biznesinin satın alınmasından əvvəl satıcı tərəfə qarşı hər hansı iddianın irəli sürülüb-sürülmədiyini və bu iddiaların həll olunub-olunmadığını yoxlamalıdır. Belə iddialar (əgər varsa) həll edilməmişdirsə, bunun satınalmaya necə təsir edə biləcəyi qiymətləndirilməlidir. Belə qiymətləndirmə kompleks yoxlama zamanı müzakirə edilən mövzulardan biridir. Əlbəttə ki, bəzi şirkətlər yoxlama məqsədləri üçün fərqli prioritetlər və ya əlavə istiqamətlər müəyyən edə bilər. Əmək fəaliyyətinin kompleks yoxlanılmasının həyata keçirilməsi zamanı aşağıdakı məsələlər xüsusilə nəzərədən keçirilməlidir:

  1. Əmək müqavilələrinin Əmək Məcəlləsinin tələblərinə uyğunluğu; 
  2. Mülki hüquqi müqavilə ilə işləyən şəxslərin əmək hüquq münasibətlərinin iştirakçıları olub-olmadığının qiymətləndirilməsi;
  3. Məzuniyyət ödənişləri; 
  4. İşçilərə verilən kompensasiya və imtiyaz planlarının icrasının yoxlanılması;
  5. Əmək təhlükəsizliyi;
  6. Miqrasiya məsələləri; 
  7. İşçi ilə əmək münasibətlərinə xitam verilməsi/mülkiyyətçinin dəyişməsi ilə bağlı işçilərin köçürülməsi məsələləri; 
  8. Əmək mübahisələri.

Biznesi əldə edən tərəf hədəf tərəfin əmək fəaliyyətinin kompleks yoxlanılmasının həyata keçirilməsi zərurətini lazımınca qiymətləndirməlidir. Əmək qanunvericiliyi çərçivəsində kompleks yoxlama digər biznesin satınalınması zamanı vacib rol oynayır. Belə ki, kompleks yoxlamanın nəticələri alıcı tərəfin qərarına, eləcə də əməliyyatın alış qiymətinə və şərtlərinə təsir edə bilər.

Məqaləni yüklə

Back to newsroom