Top Event
Top
Four Seasons Hotel Bakı
Biznes Forum
Informasiya Səfəri
“Azərbaycanda Bərpa Olunan Enerji” üzrə Alman-Azərbaycan Davamlılıq Forumu
Məkan
Four Seasons Hotel Bakı
Neftçilər prospekti 1
1095
Bakı
Azərbaycan
Show place in map
Tədbirin başlanma tarixi
21.06.2022 · 09:00
Tədbirin bitmə tarixi
21.05.2022 · 13:00

170-dən artıq beynəlxalq və Azərbaycan şirkətinin iştirakı ilə “Azərbaycanda Bərpa Olunan Enerji” mövzusuna həsr olunmuş Alman-Azərbaycan Davamlılıq Forumu baş tutmuşdur

 

Alman-Azərbaycan Ticarət Palatasının (AHK Azərbaycan) RENAC AG ilə birgə təşkil etdiyi Alman-Azərbaycan Davamlılıq Forumu 21 iyun 2022-ci il tarixində Four Seasons Hotel Baku-da keçirilmişdir. Azərbaycan və Almaniyadan olan 170-dən çox yüksək vəzifəli biznes nümayəndəsini bir araya gətirən tədbirdə fəxri qonaq qismində Energetika nazirinin müavini cənab Elnur Soltanov iştirak etmişdir.

Forum “Azərbaycanda Bərpa Olunan Enerji” mövzusu üzrə Almaniya Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin Enerji İxrac Təşəbbüsü layihəsi çərçivəsində Almaniya şirkət nümayəndələrinin Azərbaycana 4 günlük işgüzar səfəri çərçivəsində təşkil olunub. 

Tədbirin əsas məqsədi bərpa olunan enerji texnologiyaları sahəsinə maraq göstərən Almaniya və Azərbaycan şirkətlərini, həmçinin müvafiq iqtisadi və siyasi qurumların yüksək vəzifəli nümayəndələrini, o cümlədən bu sahə üzrə mütəxəssisləri bir araya gətirərək aktiv təcrübə mübadiləsi üçün səmərəli bir platforma yaratmaq olub. Bundan əlavə, tədbir panel müzakirələri, mütəxəssis çıxışları, seminar və ikitərəfli işgüzar görüşləri fonunda məxsusi olaraq dövlət-özəl dialoq imkanları təklif edib.

Tədbirin açılış nitqini AHK Azərbaycanın icraçı direktoru cənab Tobias Baumann edib və görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Bunun ardınca, Azərbaycan Respublikası Energetika nazirinin müavini cənab Elnur Soltanov, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini cənab Heiko Schwarz, Alman Enerji Həlləri Təşəbbüsünün Koordinasiya Ofisinin rəhbəri xanım Angelika Farhan-Reimpell və AHK Azərbaycanın İdarə Heyətinin sədri cənab Fərid İsayev tədbir iştirakçılarını açılış nitqi ilə salamlayıblar. 

Cənab Elnur Soltanov çıxışı zamanı Azərbaycanda energetika sahəsində görülən işlərdən danışıb. O, Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında prioritetlərdən biri Azərbaycanın ekoloji cəhətdən təmiz ölkəyə çevrilməsidir.

Bu proqramda ətraf mühitin çirklənməsinin minimuma endirilməsi kimi işlərin də yer aldığını söyləyən nazir müavini qeyd edib: “Bu, təkcə enerjinin bərpaolunan mənbələrdən əldə ediləcəyi demək deyil, həm də enerji səmərəliliyinin artırılması kimi işləri əhatə edir. Bizim prioritetlərimizdən biri də xalis sıfır karbon emissiyasına çatmaqdır. Bu gün Azərbaycanda bərpaolunan enerji mənbələrinin quraşdırılmış gücü 17 faizdir. 2030-cu ilə qədər bu rəqəmin 30 faizə çatdırılması nəzərdə tutulur”.

Almaniyanın xarici iqtisadi siyasətinin ölkədə çox vacib bir sütunu olan AHK Azərbaycan haqqında danışan cənab Heiko Schwarz yerli bazar haqqında məlumatlılığı artırmaq üçün hər iki ölkənin yüksək səviyyəli tərəflərini bir araya gətirməkdə və yeni əməkdaşlıqların təməllərinin atılmasında Palatanın vacib rolunu vurğulayıb. Cənab Schwarz bildirib ki, regionda bütün istiqamətlərdə sülh üçün real imkanlar görürlər: “Biznes üçün hər zaman sülh ən yaxşı amildir. Dayanıqlılıq və bərpaolunan enerji sahəsində çalışan sahibkarlar üçün geniş imkanlar var. İnanıram ki, bugünkü görüş yeni layihələrə bir təməl olacaq”.

Tədbirdə çıxış edən xanım Angelika Farhan-Reimpell təmsil etdiyi qurumun enerji həlləri təşəbbüsü proqramı daxilində gördüyü işlərdən söz açıb.

Cənab Fərid İsayev öz çıxışında forumun iki ölkə sahibkarlarının işbirliyinə töhfə verəcəyinə inamını ifadə edib.

Rəsmi açılışdan sonra Almaniya nümayəndə heyəti iştirakçıları öz şirkətlərini və təklif etdikləri “Made in Germany” texnologiyaları təqdim ediblər. Forum işini bərpa olunan enerji sektorunda dayanıqlılıq və innovasiyalar mövzularında panel müzakirələri, interaktiv seminar və Almaniya və Azərbaycan şirkətlərinin gələcək əməkdaşlıq imkanlarını müzakirə etdiyi ikitərəfli işgüzar görüşləri ilə davam etdirib.

Press Reliz

Alman şirkətlərinin siyahısı