Tədbirlərin təşkil olunması

AHK Azərbaycan tədbirlərin təşkil edilməsində çoxillik təcrübəyə malikdir və çoxsaylı uğurlu seminarlar, dəyirmi masa müzakirələri, nümayəndə heyəti səfərləri və 500 nəfərdən artıq iştirakçısı olan biznes forumları təşkil etmişdir.

© AHK Azerbaijan

Bu tədbirlər zamanı şirkətlər əməkdaşlıq üçün mövcud imkanları müzakirə etmək, bazardakı ən son yenilikləri izləmək və yüksək vəzifəli hökumət nümayəndələri ilə danışıqlar aparmaq imkanı əldə edirlər. AHK Azərbaycan Sizə tədbirlərinizin planlaşdırılmasında və həyata keçirilməsində köməklik göstərməyə hər zaman hazırdır.

2017-ci ildə keçirilmiş tədbirlərə nəzər yetirin

Alman-Azərbaycan Biznes Forumu

11 oktyabr tarixində keçirilmiş Alman-Azərbaycan Biznes Forumunun əsas mövzuları maliyyə, sənaye, nəqliyyat və loqistika sahələri üzrə olmuşdur. Forum Şərqi Avropa İqtisadi Əlaqələr üzrə Alman Komitəsinin və Almaniyanın Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə təşkil edilmişdir.

Forumun açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyev, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini cənab Sahil Babayev və Almaniya Federativ Respublikasının Səfirliyinin Missiya rəhbərinin müavini xanım Tereza Şönfeld salamlama nitqi ilə çıxış etmişdir.

Müvafiq dövlət qurumlarından, yerli və beynəlxalq müəssisələrdən 200-dən artıq nümayəndənin iştirak etdiyi tədbir Alman və Azərbaycan şirkətləri arasında keçirilən ikitərəfli danışıqlar ilə yekunlaşmışdır. 

Bavariya-Azərbaycan Biznes Forumu

31 may tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası Bavariya əyalətinin İqtisadiyyat, Mediya, Energetika və Texnologiyalar üzrə Nazirliyinin Dövlət katibi cənab Frans Yozef Pşirerin rəhbərliyi altında Bavariya əyalətindən olan müəssisələrin nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Bavariya-Azərbaycan Biznes Forumunu təşkil etdi.

Forum tikinti inşaat, şəhərsalma, maşınqayırma və avadanlıq, avtomobil sənayesi, informasiya və kommunikasiya texnologiyaları, ətraf mühit texnologiyaları, peşə təhsili, tibbi xidmət, istehlak malları, turizm sahələrini təmsil edən 80-dən çox Bavariya və Azərbaycan biznes nümayəndələrini bir araya gətirdi.

Dövlət-Özəl Sektor Dialoqunun seminar və görüşləri

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “East İnvest 2” layihəsi "Dövlət-Özəl Sektor Dialoqunun seminar və görüşləri çərçivəsində, AHK Azərbaycan Biznesə Dəstək Təşkilatları (BDT) və biznes assosiasiyaları üçün 3 silsilə işgüzar tədbir təşkil etdi. Bu tədbirlər silsiləsinin məqsədi Azərbaycan biznes assosiasiyalarını və sahibkarlığı dəstəkləyən təşkilatları Dövlət – Özəl Sektor Dialoqunda iştirak etməyə və yeni ictimai vəkillik / təbliğat alətlərini təqdim etməyə həvəsləndirməkdir. 

Təlimdə aşağıdakı mövzu və bacarıqlar təqdim olunmuşdur:

Aprel 2017: Danışıqlar (dövlət tərəfi ilə və koalisiyalar daxilinə danışıqlar)

Mart 2017: Mövqenin Formalaşması (bir mövqe üzrə razılaşma, mövqe sənədinin tərtib edilməsi)

Dekabr 2016: Analitika (Tərəflərin təhlili, məsələnin təhlili, sənədin hazırlanması)

Aİ-Azərbaycan Biznes Forumu

Avropa və Azərbaycan iqtisadiyyatı və hökumətinin 500-dən çox yüksək rütbəli nümayəndəsi 8 iyun tarixində Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda iştirak etmək, mövcud iqtisadi vəziyyəti müzakirə etmək, eləcə də biznes əlaqələri qurmaq məqsədilə bir araya gəldi.

Forum AHK Azərbaycan tərəfindən Avropa Komissiyası adından, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlığı ilə təşkil edilmişdir. Panel müzakirələri kənd təsərrüfatı və qida, ətraf mühit texnologiyaları, nəqliyyat və loqistika, İKT və e-ticarət mövzusu üzrə keçirilmişdir.